Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Səfir “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur


5 noyabr  2013-cü il tarixində  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov  “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirmişdir ki, klassik “vahid məkan” prinsipi əsasında çalışan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid məkan prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Diqqətə çatdırıldı ki, 15 yanvar tarixindən indiyədək “ASAN xidmət” mərkəzlərində hər gün 1000-dən çox vətəndaşa xidmət göstərilir.

Qonaq Böyük Britaniya və Azərbaycan Respublikası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərin icrasını təmin edən Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini  bildirmişdir. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışdır.


Tarix: 04-11-2013 10:27