Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramında həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə olunmuş tədbirlərin icrası üzrə 2014-cü il ərzində görülmüş işlər barədə MƏLUMAT

 

Tədbirlər

 

İcra müddəti

 

İcra orqanı

 

Görülmüş işlər

 

Üçüncü fəsil

Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi

 

3.4.4.

Şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə regional elektron müraciət terminallarının yaradılması, şəxslərin bu terminallardan istifadəsinin təşviq edilməsi

 

2012-2015-ci illər

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının şəhər və rayonlarının icra hakimiyyəti orqanları

2014-cü ildə Azərbaycan Respublikası Konstitusiyasının 50 və 57-ci maddələri ilə qorunan şəxslərin məlumat əldə etmə azadlığının təmin edilməsi və şəxslərin birdən çox formada müraciət etmə imkanlarının yaradılması istiqamətində aşağıdakı konkret tədbirlər görülmüşdür:

“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi regionların əhalisinə (25 məntəqədə 30 rayon) xüsusi avadanlıqlarla təchiz edilmiş avtobuslar vasitəsilə xidmətlərə müraciət imkanı yaradılmışdır. Mobil “ASAN xidmət” avtobusları vasitəsilə 59.060 vətəndaş müraciəti qəbul edilmiş, onlardan 57.272-si xidmətlə təmin edilmişdir.

Bakı şəhərində şəxslərin yaşayış və iş yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərə müraciət imkanı təmin edilmiş və müvafiq səyyar xidmət üzrə 880 vətəndaş müraciətinə baxılmış, 754 hazır sənəd verilmişdir. Müraciət edənlərdən 207-si kənardan qulluğa ehtiyacı olan əlillər, 8-i sağlamlığı məhdud olan uşaqlar, 598-i digər vətəndaşlar olmuş, həmçinin sosial aksiya çərçivəsində cəzaçəkmə müəssisələrində 67 məhkuma müvafiq xidmətlər göstərilmışdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün müvafiq vəsait ayrılmış və səyyar xidmət avtobuslarının sayının artırılaraq 10-a çatdırılması ilə bağlı tədbirlər görülmüşdür. Belə ki, hazırda 4 səyyar xidmət avtobusu artıq vətəndaşların xidmətinə təqdim olunmuş və növbəti ildə digər avtobusların da istismara verilməsi nəzərdə tutulmuşdur.

Ölkə başçısının 2014-cü il 10 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə  həyata keçirilən mobil "ASAN xidmət"in fəaliyyəti üzrə il ərzində 5.869 müraciətə yerində baxılmış, layihə çərçivəsində 3.962 vətəndaşa hazır sənəd verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanına əsasən “ASAN ödəniş” sisteminin yaradılması ilə bağlı tapşırığın yerinə yetirilməsi istiqamətində Dövlət Agentliyi tərəfindən sistemin texniki infrastrukturu qurulmuş, proqram təminatı hazırlanmış, ASAN ödəniş terminalları mərkəzlərdə quraşdırılmış, “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” və müvafiq fərman layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Qeyd edilir ki, “ASAN ödəniş” sistemi vasitəsilə məhkəmə və digər dövlət orqanları tərəfindən tətbiq edilən cərimələrin və digər ödənişlərin ödənilməsi “ASAN ödəniş” internet portalından (www.asanpay.az portalında istifadəçinin şəxsi kabineti vasitəsilə), bank kartı vasitəsilə və ya yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə quraşdırılmış xüsusi “ASAN ödəniş” terminallarında nağd və ya bank kartı ilə, həmçinin internetə çıxış imkanı olan mobil texniki (portativ) qurğular vasitəsilə həyata keçiriləcəkdir.

Gələcəkdə ödəniş vasitələri genişləndirilərək “Elelktron pul cüzdanı” və “İnternet/mobil bankçılıq” xidmətlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Hazırda sistemin üzərində müvafiq sınaqlar keçirilir və pilot layihə çərçivəsində artıq 1 saylı ”ASAN xidmət” mərkəzində yerləşdirilən terminallar istifadəyə verilmişdir.

Dövlət xidmətlərinin inteqrasiyasının təmin edilməsi üçün “ASAN 2.0 konsepsiyası” hazırlanmışdır. Qeyd edilən konsepsiya mövcud “ASAN xidmət” konsepsiyasının elektron (virtual məkana və ya elektron formaya) məkana keçirilməsini, mərkəzlərdə göstərilən xidmətlərin elektronlaşdırılması və inteqrasiyasını, vətəndaşların mərkəzlərə getmədən xidmətlərə müraciət etmə imkanının təmin edilməsini, vətəndaşlarla dövlət orqanları arasında olan münasibətlərin mərhələli şəkildə elektron mühitə keçirilməsini ehtiva edir.

“ASAN 2.0 konsepsiyası” əsasında elektron formada göstərilən xidmətlərin təqdim edilməsi üçün kommunikasiya vasitələri kimi xidmət terminallarından, xüsusi elektron portaldan, mobil proqramlardan və digər texnoloji yeniliklərdən istifadə olunması nəzərdə tutulur. Xidmətlərin təşkili, göstərilməsi və nəzarətin təşkili hazırda “ASAN xidmət” mərkəzlərində tətbiq edilən nəzarət mexaniziminə uyğun olaraq həyata keçiriləcəkdir. Belə ki, hazırkı nəzarət və idarəetmə forması artıq özünü doğrultmuşdur və beləliklə onun fiziki məkandan elektron məkana uğurlu keçidini təmin etmək mümkün olacaqdır. Hazırda konsepsiyanın tətbiq olunması istiqamətində işlər aparılır.

Qeyd edilməlidir ki, elektron müraciət terminallarının yaradılması ilə bərabər, şəxslərin internet informasiya ehtiyatlarından istifadə edərək müraciət etmək imkanlarının formalaşdırılması, onların bu imkanlardan istifadəsi ilə bağlı maarifləndirilməsi Dövlət Agentliyi üçün prioritet istiqamətlərdən birini təşkil edir. Bu istiqamətdə 2014-cü il ərzində “ASAN xidmət” mərkəzlərində həyata keçirilən funksional yardımçı xidmətlərlə bağlı vətəndaşların elektron formada müraciət imkanlarının təmin olunması məqsədilə “Tərcümə” və “Hüquqi yardım” xidmətlərinə elektron müraciət sistemi yaradılmışdır.

2014-cü il ərzində vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və eyni zamanda onların maarifləndirilməsi üşün daha 5 sayt istifadəyə verilmiş və bununla Dövlət Agentliyinin internet informasiya ehtiyatlarının sayı artırılaraq 7-yə çatdırılmışdır.

Vətəndaşların dövlət idarəçiliyində iştirakının təşviq edilməsi, Dövlət Agentliyinin, o cümlədən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə vətəndaşlardan və Dövlət Agentliyində çalışan əməkdaşlardan ideyaların toplanması məqsədi ilə 2012-ci ildən fəaliyyət göstərən “İdeya Bankı” elektronlaşdırılmış, ideyaların toplanılması və qiymətləndirilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə noyabr ayından www.ideyabanki.com internet səhifəsi fəaliyyətə başlamışdır. Hesabat ilində “İdeya Bankı”-na 1700-dən çox ideya daxil olmuşdur. Dövri olaraq məqbul hesab edilən 600-ə yaxın ideya qiymətləndirilmiş və ilk yerləri tutan ideya sahibləri müxtəlif mükafatlarla təltif olunmuşlar. Bundan başqa fərqlənən ideyalar müvafiq tədbirlər planına daxil edilmiş və bunlardan 200-ə yaxını artıq reallaşdırılmışdır.

Eyni zamanda könüllülük fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə www.asanschool.azvə www.mycv.az saytları istifadəyə verilmişdir. Hazırda bu fəaliyyət barədə müvafiq məlumatlar və elanlar həmin saytlar vasitəsilə ictimaiyyətə çatdırılır və müraciətlərin qəbulu təmin edilir.

Hesabat ilində Dövlət Agentliyinə müraciətlərin rəsmi qaydada qəbulu da həyata keçirilmiş, bu qaydada cəmi 1.856 vətəndaş müraciəti daxil olmuş, onlardan 1.609-u ərizə, 239-u şikayət, 8-i isə təklif xarakterli olmuşdur. Qeyd edilən müraciətlərdən 1.382-si müsbət, 16-sı isə qismən həll olunmuş, 38-i aidiyyəti üzrə göndərilmiş, 313 vətəndaşa isə müvafiq izah verilmişdir. Hazırda icraatda olan 107 müraciətə baxılır.

Eyni zamanda Dövlət Agentliyində istər regionlarda istər şəhərlərdə yaşayan şəxslərin telefon və internet üzərindən müracət etmə imkanları yaradılmışdır. Ödənişsiz fəaliyyət göstərən “Çağrı” mərkəzində 389.239 müraciət cavablandırılmışdır ki, bunlardan 303.715-i “108” qısa zəng (qaynar xətt), 59.443-ü sosial şəbəkələr, 23.872-si onlayn əlaqə, 2.209-u isə elektron poçt vasitəsi ilə qəbul edilmişdir.

Dövlət Agentliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, yeni innovasiyaların tətbiqi və vətəndaş məmnunluğunun yüksək səviyyədə saxlanılması üzrə Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqları daim diqqət mərkəzində saxlanılır və mütəmadi tədbirlər görülür.